Yaxın vaxtlarda işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin ilk hissəsinin köçürülməsinə başlanılacaq. Zəngilan rayonunun Ağalı kəndi ərazisində salınmış “ağıllı kənd” öz sakinlərini qarşılamağa hazırdır. İndi keçmiş məcburi köçkünləri düşündürən əsas məsələlərdən biri də azad olunmuş ərazilərdə qeydiyyatda olan vətəndaşlara pay torpaqların verilib-verilməyəcəyidir.
Xatırladaq ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilərək, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb. Qarabağ bölgəsinin rayonları isə işğal altında olduğundan orada torpaq islahatı aparılmayıb.
Məsələni hafta.az-a şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb:
“Bu məsələdə narahat olmağa heç bir əsas yoxdur. Bununla bağlı Azərbaycanda qanunvericilik bazası mövcuddur. Sözsüz ki, pay torpaqlarının verilməsində də həmin sənədlərə istinad ediləcək. Ancaq elə ərazilər var ki, onların xarakterinə, təbii şəraitinə, torpaqların az və ya çox olmasına görə bu torpaqlar bölünməlidir. Yenə deyirəm, ərazi məlum, xəritə məlumdur. Ola bilsin, indi bizdə iqtisadi rayonlar yaradılıb. Yeni “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin yaranması ilə əlaqədar müəyyən ucqar kəndlər birləşdirilə bilər. Yaxud da rayonun mərkəzində şəhər var, tutaq ki, Füzuli və ya Ağdam şəhəri. Bu rayonların daha gözəl, daha müasir olmasından ötrü həmin pay torpaqları ətraf ərazilərə verilsin. Elə kəndlər var ki, ərazisinə görə orada yaşayan insanlara da pay torpaqları verilməlidir. Ancaq xırda kəndlər birləşdirilirsə, sözsüz ki, bu torpaqlar da birləşdirilməlidir. Heç bir vətəndaş etiraz edə bilməz ki, mən filan kənddə yaşayırdım, mənim pay torpağım da orada verilməlidir. Bu, mümkün olan şey deyil. Əgər o kəndlər, torpaqlar birləşdiriləcəksə, bu da hökumətin qərarından asılı olan məsələdir. Təbii ki, pay torpağı əhalinin sayına və torpağın həcminə görə veriləcək”.
Millət vəkili vurğulayıb ki, bu istiqamətdə müvafiq işlərin aparılması ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olmalıdır: “Əvvəllər rayonlarda torpaq şöbələri var idi. İndi bu işlə Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur. Torpaqların analizi, xəritəsinin çəkilməsi, müvafiq reyestrlə bağlı bu qurumda şöbələr var. Sözsüz ki, İqtisadiyyat Nazirliyi hökumətlə bərabər bu istiqamətdə tədbirlər həyata keçirməlidir. Digər tərəfdən, yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin aqrar şöbələri var. O şöbələr ki, onlarda səriştəli adamlar işləyir və köhnə xəritələr də var. Yeni xəritələrin tətbiq olunması ilə işlər daha da asanlaşacaq. Peyk vasitəsilə bu torpaqların xəritəsi çəkilir. Elə bilirəm ki, bunların hamısı nizamlanmalıdır. Bunu da İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri həyata keçirməlidir. Təbii ki, bu istiqamətdə işlər mərhələli şəkildə aparılmalıdır. Həmin ərazilərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb və mənfur düşmən 30 ilə yaxın bir müddətdə o əraziləri viran qoyduğundan, orada infrastrukturu bərpa etmək uzun zaman alacaq. Sözsüz ki, indi daxili imkanlar və xaricdən gətirilən minaaxtaranlar hesabına ərazilər minadan təmizlənməkdədir. Yenə də deyirəm: bu uzun bir prosesdir və zamanı çatanda həmin ərazilərə köçürülən insanlar həm pay torpaqları, həm də həyətyanı sahələrlə təmin ediləcəklər”.
Məsələyə münasibət bildirən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli deyir ki, pay torpaqlarının bölgüsü prosesində neqativ halların olması ehtimalı mümkündür:
“Bilisiniz ki, biz torpaq məsələsində çox həssas millətik. Bu prosesin icrasına hələ illər var. İşğaldan azad olunmuş əraziyə əhalinin köçürülməsindən əvvəl orada infrastruktur qurulmalıdır. Bundan sonra əhali həmin ərazilərə köçürülməlidir. Daha sonra bələdiyyələrin formalaşdırılması həyata keçirilməli və yalnız bundan sonra vətəndaşlara pay torpaqlarının verilməsi məsələsi gündəmə gələ bilər. İstənilən halda torpaqla bağlı məsələlərin icrasını Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə vermək lazımdır. Bu mənim subyektiv fikrimdir. Bu məsələdə hər hansı neqativ olmaması üçün belə bir addım atılmalıdır. Yəni, məsələni bir qurum tənzimləməlidir. Sadəcə olaraq, iştirakçı kimi bu prosesə bələdiyyə, hansısa nümayəndəlik cəlb oluna bilər. Yekun söz olaraq bir daha deyirəm ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə məxsus olmalıdır. Burada söhbət pay torpağından, əmlakdan gedir və perspektivdə həmin pay torpağını vətəndaş özəlləşdirə, müəyyən mənada girov qoya biləcək. O nöqteyi-nəzərdən işin icrası əmlak məsələləri üzrə dövlət qurumuna həvalə olunmalıdır. Təbii ki, bu prosesin reallaşması illərsonra baş verə bilər. Biz indi sadəcə fikir mübadiləsi apara bilərik. Yəni, minaların təmizlənməsi prosesi yekunlaşdıqdan, təhlükəsizlik tam təmin olunduqdan və infrastruktur qurulduqdan sonra bu istiqamətdə daha geniş fikir mübadiləsi aparmaq olar”.
Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Torpaq islahatı haqqında” qanunun 24-cü maddəsinə əsasən işğaldan azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir:
“İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq islahatı haqqında qanunvericiliyi və qəbul ediləcək normativ-hüquqi aktlar əsasında reallaşdırılacaq. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi hazırlanıb.
İşğaldan azad olunmuş ərazilərdə torpaqlardan istifadənin planlaşdırılması, ərazi
vahidlərinin (rayon, şəhər, qəsəbə, kənd) sayının və yaşayış məntəqələrinin sərhədlərinin dəqiq müəyyən olunması, buna uyğun olaraq həmin ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi, bu ərazilərdə mövcud torpaq fondu haqqında kadastr və balans məlumatlarının dəqiqləşdirilməsi (kəmiyyət və keyfiyyət göstəriciləri, kateqoriyaları, məqsədli təyinatları və digər kadastr məlumatları) tədbirləri həyata keçirildikdən, habelə torpaq islahatı ilə bağlı ümumi konseptual yanaşma və prinsiplər qəbul edildikdən sonra torpaq islahatının aparılmasına dair yeni meyarların və konkret təkliflərin hazırlanması təmin ediləcəkdir”.